26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov “L-3 Technologies” şirkətinin bölməsi “Commercial Training Solutions”un prezidenti Robin Qlover-For (Robin Glover-Faure) ilə görüş keçirib.

“Report” AZAL-a istinadən xəbər verir ki, görüşdə tərəflər əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

“L-3 Technologies” şirkəti öz innovasiya layihələri sayəsində AZAL-a personalın hazırlığı, uçuş imitasiya kompleksləri, habelə kombinə edilmiş nəzəri və interaktiv tədris proqramları sahəsində ən müasir texnologiyaları təqdim edəcək.

Tərəflər AZAL və “Buta Airways”in uçuş heyətinin hazırlığı məqsədilə “Boeing-737 MAX” və “Embraer 190” tipli təyyarələri üçün “Full Flight Simulator” trenajor komplekslərinin tədarükü məsələlərini müzakirə ediblər.

Danışıqlar zamanı həmçinin Milli Aviasiya Akademiyasında “L-3 Technologies” şirkəti ilə birgə pilotların hazırlığı üzrə yeni trenajor mərkəzinin inşası müzakirə olunub.

Читайте также:  “SOCAR Ukraine” Müdafiə Nazirliyinə 5,1 min ton aviasiya yanacağı tədarük edəcək

Müqavilənin imzalanması oktyabrın ortalarına planlaşdırılır. Yeni trenajorların 2020-ci ilin ortalarında fəaliyyətə başlayacağı gözlənilir.

AZAL hava parkının yenilənməsi üzrə genişmiqyaslı proqram həyata keçirir. Bu yaxınlarda “Buta Airways” loukost aviaşirkəti üçün yeni “Embraer E-190” təyyarəsi alınıb. Yaxın vaxtlarda AZAL-ın hava gəmisi parkının yeni nəsil “Boeing 737 MAX” təyyarələri ilə genişləndirilməsi nəzərdə tutulur. Hava gəmiləri parkının yenilənməsi proqramı uçuş heyətinin peşəkar təkmilləşdirməsini tələb edir.

“L-3 Technologies” şirkətindən alınan simulyatorlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO DOC 9625-1) və EASA-nın (Certification Specification CS-FSTD(A)) ən yüksək “Level D” səviyyəsi üzrə tələblərinə uyğundur.

Səfər çərçivəsində qonaqlar Azərbaycanın mülki aviasiya obyektləri, o cümlədən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi və bu yaxınlarda “SkyTrax” auditor şirkəti tərəfindən maksimum “5 Ulduz” reytinqinə layiq görülən Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi ilə tanış olub.

Читайте также:  İraq qırıcıları Suriyada İŞİD-in operativ qərargahına zərbə endirib

“Biz “Azərbaycan Hava Yolları” aviaşirkəti ilə “B737 Max” və “Embraer E-190” təyyarələri üçün Reality 7 uçuş simulyatorlarının təchiz edilməsi məqsədilə Niyyət məktubu imzalamaqdan böyük məmnunluq duyuruq. Biz bu təlim həllinin vaxtında və ən yüksəkkeyfiyyətlə çatdırılmasında “Azərbaycan Hava Yolları” ilə tərəfdaşlıq etməyə səbirsizlənirik”, – Robin Qlover-For bildirib.

“L-3 Technologies” şirkəti pilotların, həmçinin mülki və hərbi hava gəmilərinə xidmət göstərən texniki heyətin trenajor hazırlığı üçün platformaların işlənib hazırlanması və yaradılması sahəsində dünya lideridir.

“L-3 Technologies” şirkətinin mülki aviasiya üçün uçuş trenajorlarının istehsalı üzrə bölməsi – “L-3 Commercial Training Solutions”un ofisi Krouli şəhərində (Böyük Britaniya) yerləşir.

“L-3” şirkətinin mülki və hərbi sektor üçün trenajor hazırlığı sistemlərinin tədarükü coğrafiyası genişdir: Şimali Amerika, Avropa, Asiya və Sakit Okean regionu. “L-3” şirkətinin baş ofisi Texas ştatının Arlinqton şəhərində, nümayəndəlikləri isə Binqamton (Nyu-York ştatı), Orlando (Florida ştatı), Oklahoma siti, Broken Errou (Oklahoma ştatı), Finiks (Arizona ştatı) və Kroulidə (Böyük Britaniya) yerləşir.