26.12.2018 0

Bakı. 26 yanvar. REPORT.AZ/ Yapon dənizində itkin düşən “Vostok” balıqçı gəmisinin axtarışı ilə məşğul olan aviasiya qruplarını artırmaq üçün Krasnoyarskdan Vladivostoka “Be-200” təyyarəsi göndərilib.

Bu barədə “Report” Rusiyanın FHN-in Primorski vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir.

Hazırda axtarış bölgəsində hava əlverişsizdir, tempratur -15 dərəcədir, küləyin sürəti 17 m/san. təşkil edir, dalğanın hündürlüyü 4-6 metrdir, görmə məsafəsi 300 metrdir. Baş İdarədən verilən məlumata görə, buna baxmayaraq, axtarış əməliyyatları davam edir, prosesə təyyarələrdən başqa, dəniz xilasetmə qüvvələri cəlb olunub.

Xatırladaq ki, Rusiyanın “Vostok” balıqçı gəmisi Yapon dənizində itkin düşüb. Gəmi ilə əlaqə kəsilib, onun göyərtəsində 21 nəfər olub. Onlar arasında iki azərbaycanlı – 1972-ci il təvəllüdlü dənizçi Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü dənizçi Ruslan Əlizadə də var.