26.12.2018 0

Bakı. 4 oktyabr. REPORT.AZ/ İran həmişə dünyanın, o cümlədən bölgənin ən cəlbedici dövlətlərindən biri olub. Bu, yalnız onun zəngin yeraltı və yerüstü sərvətləri ilə bağlı deyil, həm də ondan doğan siyasi, iqtisadi, sosial və mədəni maraqlarla bağlıdır. Son günlər isə İslam Respublikasında baş verənlər dünyanın qaynar xəbərləri arasında ön sıralardadır. 

Beləliklə, İranda nə baş verir? Hadisələrin əsas səbəbi nədir? 

Az qala, bir ilə yaxındır İslam Respublikasında iqtisadi-maliyyə məsələləri ilə bağlı böhran yaşanır, etiraz aksiyaları keçirilir. Yaranmış çıxılmaz vəziyyətə görə hakimiyyətdaxili qüvvələr (mühafizəkarlar və islahatçılar) bir-birini ittiham edirlər. Mühafizəkarlar əsas günahı prezident Həsən Ruhani və onun başçılıq etdiyi hökumətdə görürlər. Başqa sözlə, hökumətə qarşı hakimiyyətdaxili təzyiqlər güclənir. Ölkədə mövcud vəziyyətin yaranmasının günahkarı kimi gözlər, ilk növbədə, hökumətə dikilib. Odur ki, İranın birinci vitse-prezidenti İshaq Cahangiri mövcud problemlərə görə əhalidən üzr istəyib: “İrana psixoloji təzyiqlər edilir. Bəziləri bundan istifadə etməyə cəhd göstərirlər. Mən İrandakı problemlərə və bir sıra çatışmazlıqlara görə xalqdan üzr istəyirəm”. O, əhalinin rifah halının pisləşdiyini də etiraf edib: “Bu problemlərin çoxu ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən yaranıb. Bəzi çətinliklər isə hökumətin düzgün olmayan proqramından doğub. Əgər doğru-düzgün proqram hazırlanarsa, onda bütün problemləri həll edə biləcəyik”.

Hələ 2017-ci ilin dekabrın sonu 2018-ci ilin yanvarın əvvəlində İranda bəhs etdiyimiz məsələlərlə bağlı etiraz aksiyaları keçirilib. Bu ilin iyununda aksiyalar yenidən başlayıb. ABŞ İrana qarşı sanksiyaların birinci mərhələsini tətbiq etməyə başladıqdan sonra ölkənin maliyyə bazarında dollar kəskin şəkildə bahalaşıb. Təbii ki, prosesin davam edəcəyi istisna olunmur. Oktyabrın 1-də İranda bir dolların 17 min tüməndən (170 000 rial) 10 min tümənə düşməsi əhali arasında təşvişə səbəb olub. Həmin gün günortadan sonra dollar yenidən bahalaşaraq 15 min tümən (150 min rial) təşkil edib. Qeyd edək ki, bu ilin martında dollar 4 500 tümənə dəyişdirilirdi. 

İranın birinci vitse-prezidenti İshaq Cahangiri

Digər hadisə isə iranlı diplomatla bağlıdır. İyunun 30-da Fransanın hüquq-mühafizə orqanları Parisin İl-de-Frans regionunda İrandakı hakimiyyətə müxalifətdə olan Xalq Mücahidləri Təşkilatının nümayəndələrinin görüşdüyü yerə hücum etməyi planlaşdıran üç şübhəlini tutub. Həmin gün Belçikada İran əsilli iki nəfər hücum etməyi planlaşdırmaqda şübhəli bilindikləri üçün həbs olunub. Onlardan 500 qram aseton-peroksid (tri-siklo-aseton-peroksid) müsadirə edildiyi bildirilib. 46 yaşlı iranlı diplomat Əsədullah Əsədi də bu aksiyanın təşkilində ittiham olunur. Almaniya məhkəməsi barəsində həbs qətimkan tədbiri seçilən və terrorda şübhəli bilinən diplomatın Belçikaya ekstradisiya olunması barədə qərar qəbul edib. 

Читайте также:  Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb

Yeri gəlmişkən, iranlı diplomatlar terror aksiyasının təşkilində ilk dəfə deyil ki, ittiham olunurlar. 1994-cü il iyulun 18-də Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzinin yerləşdiyi 7 mərtəbəli binanın qarşısında avtomobilin partladılması nəticəsində 85 nəfər ölmüş, 300 nəfər yaralanmışdı. 1992-ci ildə isə İsrailin bu şəhərdəki səfirliyinin binası yaxınlığındakı partlayışda 29 nəfər həlak olmuşdu. Argentina bu terrorun törədilməsində İran rəsmilərini ittiham edir. Bu yaxınlarda Argentina Federal Məhkəməsinin hakimi Rodolfo Korral İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri, ölkənin sabiq xarici işlər naziri Əliəkbər Vilayətinin həbsi ilə bağlı Rusiyaya sorğu göndərib. Ə.Vilayəti Yəhudi Mədəniyyət Mərkəzindəki terrror aktının təşkilatçılarından biri olmaqda şübhəli bilinir.

Fransa hökuməti Əsədullah Əsədinin adı çəkildiyi hadisə ilə bağlı İran İnfomasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin (SAVAMA və ya ETTELAAT) və daha iki iranlının bank hesabını dondurub. İran nüvə razılaşmasından sonra Hindistan, Çin, Türkiyə, Cənubi Koreya və Yaponiya kimi ölkələrin banklarındakı 100 milyardlarla dollar məbləğində maliyyə vəsaitlərindən istifadə etmək hüququ əldə etmişdi. Bu qadağa İran üçün yeni maliyyə problemi yaradacaq. Rəsmi Tehran ona qarşı irəli sürülən bütün ittihamları təkzib edib. 

İranın sabiq xarici işlər naziri Əliəkbər Vilayəti

Sentyabrın 22-də İranın Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində keçirilən hərbi parada silahlı hücum oldu. Bu hadisə nəticəsində 29 nəfər ölüb, 60-a yaxın insan yaralanıb. İran hakimiyyəti bunu terror hücumu adlandıraraq ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) ittiham etdi. Oktyabrın 1-də isə İran İslam İnqilabı Keşikçiləri Qvardiyası (SEPAH) Suriyada Fərat çayının şərqində yerləşən terrorçuların mövqelərinə raket zərbələri endirib. İranın hərbi rəsmiləri bunu Əhvazda törədilən silahlı hücuma cavab olduğunu bildiriblər. SEPAH-ın Hava-Kosmik Birliyinin komandanı, general Əmirəli Hacızadə deyib ki, terrorçuların gülləsinə raketlə cavab veriblər. ABŞ isə İranın bu addımını təhrikedici sayıb. İran rəsmiləri iddia edib ki, bu aksiyanı “əl-Əhvaziyyə” adlı qanunsuz silahlı qruplaşma törədib. Onları isə adlarını sadaladığımız dövlətlər maliyyələşdirib və təlimatlandırıb. Qvardiyanın raket atəşinə tutduğu bölgədə isə terrorçu PKK-nın YPG və PYD adlı qolları da yerləşir. Türkiyə ABŞ-ın himayədarlıq etdiyi həmin qruplaşmanın bölgədən çıxarılmasını Ağ evdən tələb edir. 

Читайте также:  Cinayət Məcəlləsinin terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cəzaları nəzərdə tutan maddəsinə dəyişiklik edilib

İran hakimiyyəti Böyük Britaniya hökumətindən “əl-Əhvaziyyə” silahlı qruplaşmasının üzvlərini təsbit edərək Krallıq ərazisindən deportasiya olunmasını istəyib. İran KİV-i isə terrorun məsuliyyətini Əhvaz Vətənsevər Ərəb Demokratik Hərəkatının öz üzərinə götürdüyü barədə məlumat yayıb. Bu təşkilatın bəzi rəhbərləri Niderland, Danimarka və Britaniyada yaşayırlar. 2017-ci ilin noyabrında isə təşkilatın lideri Əhməd Molla Nisi Niderland Krallığının Haaqa şəhərində yaşadığı evin qarşısında güllələnərək öldürülüb. Onun qətli ilə bağlı cinayət işi indiyədək açılmayıb. 

Oktyabrın 2-də isə Xuzistan əyalətinin Bağ Məlik rayonu yaxınlığında, Xuzistan-İsfahan təbii qaz kəmərində partlayış olub. İlkin məlumata görə, rəsmilər bunu qaz sızması ilə əlaqələndirirlər. Bununla belə, hadisənin səbəbinin araşdırıldığı da bildirilir. Qeyd edək ki, İranın neft və təbii qaz ehtiyatlarının 80 faizi Əhvazdadır. Əyalətin əhalisinin əksəriyyəti ərəbdir. Bu bölgədə etiraz aksiyaları tez-tez keçirilir. Oranın əhalisi adi məişət problemlərindən tutmuş mədəni hüquqlarının təmin olunmasına qədər müxtəlif məsələlərlə bağlı etiraz aksiyaları keçirirlər. Ötən il Əhvaz şəhərində su və elektrik enerjisinin kəsilməsinə etiraz olaraq keçirilən aksiya zamanı daha bir nəfər ölmüşdü. Onun SEPAH-ın hərbçiləri tərəfindən öldürüldüyü bildirilirdi. Onda sosial şəbəkədə “Əhvaz inqilabı üçün küçələrə çıxın!” şüarı ilə çağırış edilmişdi. 

Beləliklə, İranda son bir neçə gündə baş verən hadisələr vəziyyətin yaxın zamanda daha da gərginləşəcəyini deməyə əsas verir. Çünki İshaq Cahangirinin də etiraf etdiyi kimi, hökumətin vəziyyətdən çıxmaq üçün bitkin proqramı yoxdur. Bu proqramın yaxın günlərdə hazırlanması isə ağılabatan görünmür. Ola bilsin etirafa görə birinci-vitse prezident başlıca günahkar elan edilsin, hətta onun barəsində cinayət işi belə başlanıla bilər. Başqa sözlə, İran hakimiyyəti üzləşdiyi problemlərin həlli ilə bağlı əsaslı addım atana oxşamır. Hədələyici, bəlağətli çıxışlar isə vəziyyətin düzəlməsinə yardım etmir. Çünki ölkədə mövcud böhran daha çox xarici amillərin ucbatından yaranıb. Bundan çıxış yolu isə ABŞ başda olmaqla həmin qüvvələrin şərtlərinə əməl etməkdir. Onu da nəzərə almaq lazımdır ki, ölkə xaricində hərbi əməliyyatlarda iştirak etməklə Tehran islahatların keçirilməsi ilə bağlı vaxtı uzadır. Bu istiqamətdə isə gərginlik artmaqdadır. Ötən gün BMT-nin Beynəlxalq Məhkəməsi İranın ABŞ-a qarşı iddiasına dair ilkin qərar qəbul edib. Qərara əsasən, ABŞ-ın İrana qarşı məlum sanksiyaları humanitar yardımlara və mülki aviasiya ilə bağlı mallara şamil olunmamalıdır. ABŞ-ın dövlət katibi Maykl Pompeo BMT məhkəməsinin qərarını əsassız saymaqla Ağ evin İrana münasibətində dəyişikliyin olmayacağını təsdiqləyir: “İran BMT məhkəməsini siyasi və təbliğat məqsədləri üçün istifadə edir”. Dövlət katibi ABŞ-ın 1955-ci ildə İranla imzaladığı dostluq müqaviləsinə xitam verdiyini də bildirib. Onun sözlərinə görə, əslində, bu müqavilə 39 il əvvəl pozulub. Xatırladaq ki, İranda İslam inqilabından bir il sonra 1980-ci ildə iki ölkə arasında diplomatik münasibətlər pozulub. Bu il may ayında ABŞ Prezidenti Donald Tramp bu il mayın 8-də İran nüvə proqramına dair müştərək Əhatəli Fəaliyyət Planından çıxdıqlarını və həmin ölkəyə qarşı birtərəfli sanksiyaları tam həcmdə bərpa etdiklərini açıqlamışdı. İran isə BMT məhkəməsində ABŞ-a qarşı iddia qaldırmışdı.

Читайте также:  Altıağac Milli Parkının ərazisinə keçən yanğın söndürülüb

ABŞ Prezidenti Donald Tramp bu ilin avqustundan İrana qarşı ikimərhələli sanksiyalar paketinin birinci mərhələsinin tətbiqinə başlayıb. Bu mövqe İranda vəziyyətin daha da ağırlaşamasına səbəb ola bilər. Başqa sözlə, nə rəsmi Vaşinqton, nə də  Tehranın mübahisəli məsələlərlə bağlı mövqelərindən çəkilməmələri İranın xeyrinə işləmir. Xarici dövlətin ərazisindəki əməliyyatlar iştirak etmək, yaxud İrana qarşı hərbi əməliyyatların başlaması hakimiyyətə yardım edə bilər. Ancaq zorla əldə edilən möhlət də uzun sürə bilməz. Bir aydan sonra isə ABŞ İsam Respublikasına qarşı daha bir sanksiya tətbiq edəcək. Bunun daha sarsıdıcı olacağı istisna olunmur. Çünki bu sanksiyalar ölkənin energetika sahəsinə tətbiq ediləcək. İran isə gözlənilən sanksiya ərəfəsində hökumət böhranına doğru daha bir addım irəliləyib. Bunun dərinləşəcəyinin uzaqda olmadığını da ehtimal etmək mümkündür. Baş verənlər isə bütövlükdə İranın böhrana sürüklənməsindən xəbər verir – terror, etiraz aksiyaları, maliyyə böhranı, hökumət üzvünün etirafı, xarici hərbi əməliyyatlarda iştirak, milli valyutaya inamın azalması, böyük investorların ölkə iqtisadiyyatına sərmayə qoymaması, İranın iqtisadi, maliyyə və sosial cəhətdən riskli dövlət olması isə bunu təsdiqləyir.

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək