26.12.2018 0

Bakı. 24 oktyabr. REPORT.AZ/ BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakıdakı nümayəndəliyi Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı və qaçqın kimi tanınan şəxslərə veriləcək “qaçqın pasportları” və ya “Konvensiya yol sənədləri” üçün texniki detalları müəyyən edən fərmanı alqışlayıb.

“Report”un xəbərinə görə, BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Guido Ambroso bildirib ki, fərman fundamental insan hüquqlarının, xüsusən hərəkət azadlığının təşviqində irəliyə doğru atılan əhəmiyyətli addımdır. 

“Biz əməkdaşlıq etdiyimiz dövlət qurumlarının, xüsusən də Dövlət Miqrasiya Xidməti və Nazirlər Kabineti Aparatının Prezident tərəfindən bu fərmanın imzalanması ilə nəticələnmiş fəaliyyətini yüksək qiymətləndiririk. İndi biz qanunvericilikdə qaçqın statusundan əlavə humanitar statusun da tətbiqini nəzərdə tutan dəyişikliyin tezliklə təsdiqlənəcəyinə ümid edirik. Bu dəyişiklik beynəlxalq himayəyə ehtiyacı olan bütün şəxslər üçün hüquqi statusu təmin edəcək”, – G.Ambroso vurğulayıb. 

Читайте также:  Hərbi Hava Qüvvələrinin Bölmələrin idarəedilməsi və texniki-nəzarət mərkəzi istifadəyə verilib

Onun sözlərinə görə, Prezidentin fərmanı Azərbaycanda qaçqın qismində tanınan şəxslərə dövlət orqanları tərəfindən maşınla oxunan formatda və Beynəlxalq Mülki Aviasiya Təşkilatının şərtlərinə cavab verən pasportların verilməsinə imkan yaradır: “Qaçqınlara yol sənədlərinin verilməsi üçün qanunvericilik bazasının olmasına baxmayaraq, zəruri texniki spesifikasiyaların olmaması səbəbindən təcrübədə qaçqınlar heç vaxt belə sənəd almayıblar. Konvensiya yol sənədləri əldə etməklə qaçqınlar sığınacaq ölkəsi kimi Azərbaycanda qalmaqla kifayətlənməyəcək, müxtəlif məqsədlərlə, məsələn biznes, təhsil, müalicə, ailə üzvlərinə baş çəkmə və hətta turizm məqsədləri ilə digər ölkələrə səyahət edə biləcəklər”.

Qeyd edək ki, BMT QAK 1992-ci ilin sonlarından Azərbaycanda fəaliyyət göstərir və ölkədəki bir milyondan artıq qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxslərin himayə olunmasında və onlara yardım göstərilməsində hökumətə dəstək verib. Təşkilat mandatı altında olan bütün şəxslərin öz hüquqlarından istifadə etmələrini və Azərbaycanda cəmiyyətin iqtisadi, sosial və mədəni həyatına töhfə vermək imkanına malik olmalarını təmin etməyə çalışır.